A. N. Abbasbəyli, S. Z. Yusifzadə icon

A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Similar



страницы: 1   ...   10   11   12   13   14   15   16   17   18
return to the beginning
^

Azərbaycanın Rusiya tərəfindən işğalı və beynəlxalq nəticələri



XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycan öz tarixinin olduqca mürəkkəb dövrlərindən birini yaşayırdı. Məlum olduğu kimi, Şəki xanlığının ardınca isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və vahid dövlət yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, feodal pərakəndəliyi, digər tərəfdən isə xarici amillər – İranın, Türkiyənin və çar Rusiyasının bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri mane oldu.

Azərbaycanın nisbətən güclü xanlıqlarının öz müstəqilliklərini qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə prosesinə mane olurdu. Nəticədə Azərbaycanı istila etməyə çalışan İranın, Sultan Türkiyəsinin və Çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi. Ayrı-ayrı xanlıqların isə nə dərəcədə qüvvətli olmasından asılı olmayaraq, xarici qüvvələrin təzyiqinə davam gətirmək imkanları məhdud idi.

Çarizm hələ I Pyotr dövründə başlamış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı ələ keçirmək cəhdlərindən sonra XIX yüzilliyin başlanğıcında bütün Cənubi Qafqazı istila etməyə hazırlaşırdı. Rusiyanın hakim siniflərinin və tacirlərinin mənafeyi çarizmi yeni torpaqlar zəbt etməyə, rus sənayesi üçün xammal mənbələri və satış bazarları əldə etməyə sövq edirdi. Rusiya Xəzər dənizini öz daxili dənizinə çevirmək və Cənubi Qafqazı zəbt etməklə daha cənuba – İran körfəzinə doğru yol açmaq, Yaxın Şərqin iqtisadi ehtiyatlarına, habelə bazarlarına sahiblənməklə İngiltərəni sıxışdırmaq planları mövcud reallıqlara əsaslanırdı. Rusiya nəyin bahaslna olursa olsun I Piotrun vəsiyyətinə əsasən isti dənizlərə çıxmağa çalışırdı.

Hindistanda, Çində və Əfqanıstanda müstəmləkə siyasətini həyata keçirməyə çalışan və Xəzər hövzəsinə yiyələnməyi planlaşdıran İngiltərə də Rusiyaya münasibətdə ehtiyatlı hərəkət edirdi. Xarici siyasət maraqları baxımından Cənubi Qafqaz Rusiya üçün hərbi-strateji əhəmiyyətə malik idi. Yaranmış şəraitdə I Napoleon bilərəkdən İngiltərə və Rusiyanın Qafqaz maraqlarını qıcıqlandırmaqda idi. Məqsəd II koalisiyanı diplomatik yolla dağıtmaqla yanaşı Fransaya qarşı gələcək koalisiyaların yaranmasına yol verməmək idi.

İngiltərənin 1800-ci ildə İranla bağladığı müqaviləyə cavab olaraq Fransa 1801-ci ilin oktyabrında Türkiyə ilə müqavilə imzaladı və Misiri Türkiyəyə qaytardı. 1805-ci ilin dekabrında olmuş Austerlis döyüşündəki qələbədən sonra türk sultanı III Səlim I Napoleonu «Fransanın padişahı» və özunun «ən qədim, sadiq və vacib dostu» elan etmişdi. Təsadüfi deyildi ki, Fransa bundan Rusiyanın qüvvələrini parçalamaq və onu Türkiyə ilə müharibəyə girmək kimi fakt qarşısında qoymaq məqsədilə istifadə etdi. I Napoleon çox tezliklə İranla münasibətlərdə də diplomatik üstünlüyə nail oldu və bununla da Rusiya-İngiltərə ziddiyyətlərinə barışmaz xarakter verdi.

Yaranmış belə bir ziddiyyətli və qeyri-sabit beynəlxalq şəraitdə Cənubi Qafqazın kimin əlinə keçməsi, xüsusilə Azərbaycan məsələsi mühüm yer tuturdu. Dünya siyasətində öz geostrateji mövqeləri ilə seçilən, buna görə də zaman-zaman dünyanın müxtəlif cahangirlərinin diqqətini cəlb edən Azərbaycan həmişə ziddiyyətlərin düyün nöqtəsində yerləşmişdi.

Azərbaycanda vahid dövlətin olmaması xarici siyasətdə də özünü göstərirdi. Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq üçün ümumi mövqe nümayiş etdirə bilmir, bir tərəfdən İran və Türkiyəyə, digər tərəfdən isə Rusiyaya meyl edirdilər. Bunu xanlıqların 1768-1774-cü illər rus-türk müharibəsi ərəfəsi və dövrünün siyasəti bariz şəikldə göstərir. Hətta müharibədən sonra - 1775-ci ildə Azərbaycan xanlıqlarının böyük bir qisminin əvvəlcə Türkiyəyə, sonra isə Rusiyaya istiqamətlənməsi də açıq şəkildə nümayiş etdirilirdi.

Yaranmış şəraitdə İran və Türkiyə Azərbaycanın istiqlaliyyəti üçün təhlükəli deyildi, çünki bu dövlətlər bəhs edilən dövrdə istilaçılıq siyasəti yeritmək imkanına malik deyildilər. Avropa dövlətləri isə, əksinə, müstəmləkələr ələ keçirmək uğrunda geniş müharibələrə başlamışdılar. İngiltərə və Fransanın Cənubi Qafqaz, habelə, Azərbaycana münasibətləri onların bilavasitə İrandakı mövqeləri ilə müəyyən edilirdi. XVIII əsrin sonlarından etibarən Azərbaycana qarşı əsas təhlükə şimaldan çar Rusiyasından idi. Bu zəmində Rusiya-İran münasibətləri pisləşməkdə idi, buna isə həm İngiltərə, həm də Fransa çalışırdı, baxmayaraq ki, bu dövlətlərin şərq siyasətində ortaq nöqtələr demək olar ki, mövcud deyildi.

Uzun müddət davam edən ciddi diplomatik-siyasi və hərbi hazırlıqdan sonra Georgiyevsk traktatına əsasən 1801-ci ildə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi. O dövrdə Qazax, Şəmşəddil, Pəmbək və Borçalı sultanlıqları Gürcüstandan asılı vəziyyətdə olduğundan Şərqi Gürcüstanla birlikdə onlar da Rusiyaya ilhaq edilmişdi ki, Azərbaycanın işğalına bununla da start verilmiş oldu. Rusiya Gürcüstanın ardınca Azərbaycanı ələ keçirməyə hazırlaşırdı. Bu məqsədlə 1802-ci ilin sentyabrında P. D. Sisianov Rusiyanın Qafqaz ordusunun baş komandanı təyin edilmişdi. I Aleksandrın bu vəzifəyə knyaz P.Sisianovu təyin etməsi təsadüfi deyildi. Mənşəcə gürcü olan bu knyaz II Yekaterinanm göstərişilə vaxtilə V. Zubovun cənub yürüşündə iştirak etmiş, Azərbaycandakı vəziyyətlə tanış olmuş, xanlıqlarla danışıqlar aparmış və 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdu.

Rusiyanın Cənubi Qafqaz siyasətinə qarşı çıxan İran Avropa dövlətlərinin köməyi ilə Gürcüstanı Rusiya hakimiyyətindən qurtarmağa çalışır, antirus hərəkatına yardım göstərirdi. Rusiya isə əksinə, Georgiyevsk müqaviləsindən sonra Gürcüstanın Rusiyanın himayəsinə keçməsini Azərbaycan xanlarının nəzərinə çatdırmışdı.

Azərbaycan xanlıqları ilə dil tapmağa çalışan İran 1802-ci ildə Qarabağ və Bakı xanlıqlarına tabe olmaq haqqında təkliflər etmiş, lakin müsbət cavab almamışdı. Iran da tədricən Cənubi Qafqaz uğrunda mübarizədə öz mənafeyi ilə çıxış etməyə başlamış və diplomatik danışıqlara geniş yer vermişdi.

Yaranmış şəraitdə I Aleksandrın tapşırığı ilə Sisianov 1802-ci ilin dekabrında Georgiyevskdə Azərbaycan xanları ilə danışıqlara başladı. Görüşə Bakı xanı istisna olmaqla Quba, Dərbənd, Talış xanları və Dağıstanın bəzi hakimləri gəlmişdilər. Dekabrın 26-da imzalanmış müqaviləyə görə, onu imzalayan xanlar və hakimlər aralarındakı düşmənçiliyi, narazılığı, mübahisələri və s. kənara qoymalı və ara müharibələri aparmamalı, ortaya çıxan mübahisələr yalnız dinc yolla həll edilməli idi. Müqavilədə İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etməkdən, ticarətin inkişaf etdirilməsindən, dənizçiliklə bağlı məsələlərdən və s. bəhs olunurdu. Az sonra Bakı xanlığı da müqaviləyə qoşuldu.

Georgiyevsk müqaviləsi imzalandığı andan əhəmiyyətsiz bir sənədə çevrilmişdi. Müqaviləyə qoşulan xanlıqlar İranın deyil, çar Rusiyasının təcavüzünə məruz qaldılar. Ayrı-ayrı xanları öz tərəfinə çəkmək, onları himayəsi altına almaqla yanaşı, işğalçı qoşundan da istifadə etmək çarizmin başlıca məqsədi idi.

Rusiyanın Gürcüstandan şərqə Azərbaycanın əsas xanlıqlarına doğru yürüşünə qarşı başlıca maneə böyük hərbi-strateji əhəmiyyəti olan Car-Balakən camaatlığı idi. 1803-cü ilin yazında rus qoşunları general Qulyakovun komandanlığı altında Alazan (Qanıq) çayı keçidində Car-Balakəni məğlubiyyətə uğratdılar. Car camaatılığı isə müqavimət nəticəsində Balakənin başına gətirilmiş fəlakəti nəzərə alaraq, martın 29-da müqavimətsiz təslim oldu. Aprelin 12-də Tiflisdə Rusiya və Car-Balakən arasında "andlı öhdəlik" imzalandı. Bu müqaviləyə görə, Car-Balakən hər il çar xəzinəsinə 220 pud ipək verməli, Tiflisə girovlar göndərməli, öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Rusiya Car-Balakən camaatlığının daxili idarə işlərinə qarışmayacağını vəd etmişdi.

Mövcud qaynaqların və tədqiqat işlərinin yekunlarına əsasən Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalını şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

I mərhələ - XIX yüzilliyin əvvəllərinədək davam etmiş, epizodik xarakter daşımışdı. Bu mərhələdə Rusiya kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğul idi.

II mərhələ - Georgiyevsk sülhündən I Rus-İran müharibəsinin başlanğıcınadək davam etmiş, Qazax, Şəmşəddil ,Pəmbək, İlisu və Gəncə xanlığının işğalı ilə nəticələnmişdi.

III mərhələdə I rus-İran və I rus-Türk müharibələri baş vermiş, Şimali Azərbaycan torpaqlarının böyük bir hissəsi istila olunmuşdu.

1826-1829-cu illəri əhatə edən IV mərhələdə isə II rus-İran və II rus-türk müharibələri baş vermiş, Şimali Azərbaycanın istilası başa çatmış, Xəzər dənizində hegemonluq Rusiyanın əlinə keçmiş, Rusiya Yaxın Şərqə çıxış yolu əldə etmişdi.

Car-Balakən camaatlığının istila edilməsindən az sonra İlisu sultanlığının da mütəqilliyinə son qoyuldu. Növbə Gəncə xanlığına çatdı.Cavad xan Rusiyaya birləşməyin əleyhinə idi, onun dövründə Qazax, Şəki, Şəmşəddil və başqa yerlər Gəncə xanlığına daxil edilmişdi. O, Qarabağ xanlığı ilə münasibətləri sahmana salmış, sədaqət rəmzi olaraq qızını və oğlunu İbrahimxəlil xanın yanına girov göndərmişdi.

Qarabağ xanlığı ilə münasibətlərin nizamlanması Gəncəyə gürcü çarı II İrakliyə qarşı etibarlı müttəfiq vermişdi. Lakin gürcü çarları zaman-zaman iddiasında olduqları Azərbaycan torpaqlarını tutmaq üçün Rusiyanın gücündən istifadə etməyi planlaşdırırdılar. 1801-ci il Georgiyevski müqaviləsi gürcü çarlarına bu imkanı yaratmışdı. Bu baxımdan Rusiyanın maraqları ilə gürcülərin və ermənilərin maraqları üst-üstə düşürdü. Azərbaycana düşmən münasibət bəsləyən bu xarici qüvvələr bir-birindən istifadə etməklə öz mənfur planlarını reallaşdırmağa çalışırdılar.

Azərbaycan xanların isə ümumi düşmənə qarşı vahid cəbhədə birləşmək əvəzinə separatçılıq yolu ilə bəlanı özlərindən uzaqlaşdırmağa çalışırdılar. Halbuki, qubalı Fətəli xanın birləşmə siyasəti davamlı olsa idi, Rusiya Cənubi Qafqaza münasibətdə belə azğınlıq edə bilməzdi. Bir-brini əvəz edən çar zabitləri Azərbaycan xanlarına münasibətdə diplomatiyadan tutmuş, hərbə-zorba və hərbi gücün tətbiq edilməsinədək müxtəlif vasitələrdən istifadə edirdilər. Bunu knyaz Sisiyanovun Cavad xana aşağıdakı ilk məktubunun məzmunu da aydın şəkildə göstərirdi: «Sizi və sizin xalqı rus imperatoru öz himayəsinə götürür. Şərafətli etimadınızın ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuzu - Uğurlu ağanı bir əmanət kimi Tiflisə göndərəy­diniz». Cavad xan isə diplomatik yolla vəziyyətdən çıxmağa çalışdı. Sisianov gördükdə ki, Cavad xan xoşluqla ipə-sapa yatmayacaq, Gəncəyə hərbi yürüşə hazırlaşmağa başladı. 1803-cü il noyabrın 29-da Şəmkirə çatan Sisianov Cavad xana yazdığı məktubda xanlığı işğal etmək arzusunda olduğunu açıqca bildirmişdi. Cavad xan isə Sisianovun hədə-qorxularına əhəmiyyət vermədən müharibəyə hazır olduğunu bildirmişdi: «Müharibə etmək istəyirsənsə mən hazır. Mənə müharibəyə hazır olmaq təklif edirsən? Sən Şəmşəddilə girən gündən döyüşə hazıram. Savaşmaq istəyirsənsə savaşaq, hədələyirsən ki, təklifini qəbul etməsəm bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu zaman, bir də davanın özü göstərəcək».

Yaranmış vəziyyətdə Sisianov Gəncə ermənilərinin yardımına müraciət etdi: «Hamımızı əmin edirəm ki, Ümumrusiya tac-taxtının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğun­çuluğundan, hər cür təqib və sıxışdırmalardan canımız qurtaracaq. Sizə Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi asudə yaşamaq hüququ veriləcəkdir».

Sisianovun dinc yolla Gəncə qalasına sahiblənmək cəhdləri heç bir nəticə vermədi. Rus generalını cəsarətləndirən qışın düşməsi ucbatından Gəncənin Dağıstandan yardım ala bilməməsi ilə bağlı idi. Rus qoşunları şəhərə üç istiqamətdən hücuma başlamışdılar. Başlıca döyüş Gəncənin Qarabağ qapıları istiqamətində gedirdi. Şəhərin işğal olunmasında Gəncədə yaşayan ermənilərin xəyanəti öz mənfur rolunu oynadı.

Düşmən qoşunlarının digər hissəsi Gəncəyə Tiflis qapıları səmtindən hücum edirdi. Onlar əsas qülləni tutduqdan sonra döyüş daha da şiddətləndi. Gəncəlilər güclü müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırdılar. Hücum zamanı şəhərin müdafiəçilərindən 500 nəfəri öldürüldü, 500 nəfəri isə əsir ahındı.

Gəncənin qala bürclərinin birində Cavad xan topun üzərinə qalxaraq rusların hücumunu dəf edirdi. 1804-cü il yanvarın 3-də Cavad xan və oğlu Hüseynqulu ağa döyüş meydanında şəhid oldular. Şəhər çar qoşunları tərəfindən zəbt edildi.

Cavad xanın arvadı Bəyim xanım ərinin və oğlunun meyitlərini döyüş yerindən saraya gətirilməsinə nail olmuşdu. Sisianov isə ağlaşma səsinə xanın cənazəsi olan otağa gəlib çıxmış və bu zaman Bəyim xanım onu qılıncla öldürməyə cəhd göstərmişdi. Hadisənin şahidi olan bir rus generalı yazırdı ki, «Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o qəhrəman tatar xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. O nə ərinin, nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray adamları idilər. İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-başa qara paltar içində idi və bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı».

Gəncə qalasının işğal edilməsi çar Rusiyası üçün mühüm əhəmiyyətə malik idi. Bununla da, Azərbaycanın digər xanlıqlarının taleyi də faktiki olaraq həll edilmiş, rus qoşunlarının Xəzər sahillərinə çıxıb Həştərxanla əlaqələri təmin etməsinə şərait yaranmışdı. Gəncənin tutulması ilə Cənubi Azərbaycana da yol açıldı.

Təsadüfi deyildi ki, çar hökuməti Gəncə xanlığı üzərində qələbəni yüksək qiymətləndirərək, bu qələbəyə həsr edilmiş medal təsis etmiş, Gəncə xanlığı ləğv edilmiş, qədim Azərbaycan şəhərinin adı I Aleksandrın arvadı çariça Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılmışdı. Gəncə sözünü dilinə gətirənlər isə cərimə edilməyə başlandılar. Gəncə xanlığından asılı olan Samux da Rusiyanın hakimiyyəti altına keçdi və Rusiyaya ildə 1000 çervon xərac verməyi öhdəsinə götürdü.

Cənubi Qafqazın rus qoşunları tərəfindən işğalı Türkiyə və şah İranını ciddi şəkildə narahat edirdi. Rusiyanın Cənubi Qafqazda güclənməsi İngiltərənin və Fransanın mənafelərinə də zidd idi. Türkiyə və İran vasitəsilə rus qoşunlarını Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışan ingilis və fransız diplomatları onları Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. İngiltərənin təhriki ilə İran 1804-cü ilin mayında Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmağı tələb etdi, rədd cavabı aldıqdan sonra 1804-cü il iyunun 16-da Rusiya ilə İran arasında hərbi əməliyyatlar başlandı. Hər iki tərəfdən müharibə ədalətsiz idi, çünki özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi.

Rusiyanın Cənubi Qafqaz uğrunda apardığı mübarizə son dərəcə mürəkkəb beynəlxalq şəraitdə baş verirdi. Avropada genişlənməkdə olan Napoleon müharibələri Rusiyanın Qərb maraqlarına birbaşa təhlükə törədirdi. Yaranmış şəraitdə İngiltərə İranı təhrik etdiyi kimi, Fransa da Türkiyəni Rusiyaya qarşı müharibəyə təhrik edirdi. Digər tərəfdən rus qoşunları heç də hər yerdə uğur qazana bilmirdi. Belə ki, Sisiyanovun İrəvanı tutmaq cəhdi uğursuzluqla nəticələnmiş, 1807-ci il Muğanlı döyüşündə isə rus qoşunlarına ağır zərbə vurulmuşdu.

Gəncə yaxınlığında 1805-ci ilin yazında düşərgə salmış Sisianovla İbrahimxəlil xan arasında aparılmış diplomatik danışıqlar nəticəsində 1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürəkçay adlı yerdə müqavilə ("andlı öhdəlik") imzalandı. Bu müqaviləyə görə, Qarabağ xanı Rusiyadan vassalı asılılığını qəbul edir, xarici dövlətlər ilə müstəqil münasibətlər saxlamaq hüququndan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşun dəstələri yerləşdirilirdi, İbrahimxəlil xan öz nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün göndərməli idi. Bununla yanaşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək hüquqlarına heç vaxt toxunmayacağını öhdələrinə götürürdülər.

Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyindən istifadə etmək istəyən Səlim xan Kürəkçay sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi, yeznəsi İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il mayın 21-də Şəki xanlığı da Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin də şərtləri Qarabağ xanlığı ilə bağlanan müqavilənin eyni idi. Şəki xanlığı da öz ərazisində Rusiya qarnizonunun saxlanması üçün xüsusi yer ayırmalı idi.

Bununla belə, Səlim xan öz əvvəlki qeyri-məhdud hakimiyyətini bərpa etməyə çalışırdı, lakin 1806-cı ilin iyununda Şuşa qalasında çar zabiti Lisaneviçin əmri ilə Səlim xanın bacısı və əri İbrahimxəlil xan bütün ailəsi ilə birlikdə qətlə yetirildikdən sonra Səlim xan Rusiya himayəsindən imtina etdi. Rus qoşun dəstəsi Şəkidən qovuldu. Yaranmış şəraitdə Abbas Mirzə Şəkiyə 300 sərbaz və muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min çervon pul göndərdi. Səlim xan nəyin bahasına olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar etməyi qət etdi və general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərildi.

Səlim xanın Abbas Mirzədən aldığı pul və topladığı qoşun elə bir ciddi dəyişikliyə səbəb olmadı və Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 4 bəydən ibarət müvəqqəti idarə yaradıldı. Çar hökuməti İran şahından üz döndərərək Rusiyaya köçmüş Cəfərqulu xanı Şəkiyə hakim təyin etdi. Lakin Aşağı və Yuxarı Göynük kəndlərinin əhalisi üsyan etdi və Cəfərqulu xana tabe olmayacaqlarını bildirdi.

Şəkidə əhalinin çıxışları obyektiv olaraq çarizmin müstəmləkə siyasətinə qarşı, habelə ona can-başla qulluq edən satqın yerli feodal hakimlərə qarşı yönəldilmişdi. Çar hökuməti əhalini qorxutmaq üçün Şəkiyə əlavə qoşun göndərdi və burada çar idarə-üsulu bərqərar oldu. Bu göstərirdi ki, Çar hökumətinin müqavilə yolu ilə öz hakimiyyətini yaydığı xanlıqlarda xanlıq idarə üsulunun saxlanması görüntü yaratmaqdan başqa bir şey deyildi.

Azərbaycan xanlıqlarından Şamaxı, Bakı və Qubanın işğal edilməsi, Qarabağ və Şəki xanlıqlarının Rusiyaya qatılmasından sonra İran qoşunu Tiflis üzərinə yeridi. Onlar yolüstü İrana tabe olmaq təklifini rədd etmiş xanlıqlarıda cəzalandırırdılar. Yaranmış şəraitdə general Sisianov Rusiya-İran müharibəsində Rus qoşunları tərəfindən iştirak etmək üçün yerli əsilzadələrdən atlı dəstələr təşkil edirdi. Bu atlı dəstələrə nökərlər və maaflar da daxil idilər. Azərbaycanlılardan yaradılmış belə dəstələrin köməyi ilə İran qoşunlarına gözlənilməz yerlərdən zərbələr endirilir, habelə onlardan bələdçi kimi istifadə olunurdu.

Müharibənin gedişində çar qoşunları Azərbaycanın digər xanlıqlarını da tabe etmək üçün ölkənin içərilərinə doğru irəliləməkdə davam edirdilər. Sisianov Şamaxı, Bakı və Quba xanlıqlarını tezliklə ələ keçirmək fikrində idi. "Qarabağnamə"nin müəllifi Mirzə Adıgözəl bəy yazırdı ki, "Sisianovun indi qarşıda duran başlıca məqsədi dənizlər (Kaspi və Qara) arasındakı yerləri ələ keçirməkdən ibarətdir. Bu məqsədlə Sisianovun qoşunları Şamaxı üzərinə yeridi. Şamaxı xanlığı tarixən böyük karvan yollarının üstündə yerləşmişdi və Rusiya ilə geniş ticarət-iqtisadi əlaqələrə malik idi. Rus generalı özünə məlum olan bu faktdan istifadə edərək Şamaxı xanlığının ərazisini yenidən Rusiyanın Cənub siyasətində canlandırmaq fikrinə düşmüşdü. Sisianovun xanlığa münasibətdə nisbətən dözümlülük göstərməsi bununla əlaqədar idi.

Digər xanlıqlara münasibətdə olduğu kimi, Sisianov Mustafa xandan da Qarabağ və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri qəbul etməsini tələb edirdi. Lakin Mustafa xan gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən əl çəkməyi və Şəki xanlığı torpaqlarının Şirvana qatılmasında ona kömək etməyi Sisianova təklif etmişdi. Şamaxı xanı eyni zamanda Qarabağ xanlığına qatılmış Cavad torpaqlarının geri qaytarılacağı haqqında təminat verməsini və həm də ona Rusiyadan daimi maaş verilməsini tələb edirdi.

Mustafa xan bir müddət müqavimət göstərdikdən sonra Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu. Lakin o, Şamaxı xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi barədə müqaviləni imzalamaq üçün Sisianovun düşərgəsinə getmədi. Bununla belə, Mustafa xan təklif etdiyi bir sıra şərtlərin qəbul edilməsinə nail olmaqla xanlığın Rusiyanın hakimiyyəti altına keçməsinə razılıq verdi.

Mustafa xan öz şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə müqaviləni Sisianovun düşərgəsində yox, Fitdağla düşərgə arasındakı çöldə imzalamağa razılıq verdi. Bu müqaviləyə görə, Şamaxı xanı başqa dövlətlərlə əlaqələrini kəsməyi, öz gəlirindən Rusiya xəzinəsinə 8 min çervon ayırmağı, rus hökuməti üçün Kürün mənsəbində istehkam tikilməsinə şərait yaratmağı, rus qoşunlarının ərzaqla təchiz etməyi, yolların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürürdü.

Azərbaycan xanlıqları içərisində ən böyük və zəngin xanlıqlardan biri olan Şamaxı xanlığının işğalının Rusiya üçün böyük iqtisadi-siyasi və hərbi-strateji əhəmiyyəti var idi. Sisianov Şamaxı xanlığını tutduqdan sonra Bakıya doğru hərəkət etdi, 1806-cı ilin yanvarında Bakıya yaxınlaşdı və Rusiyanın hakimiyyəti altına keçmək haqqında müqavilə layihəsini Hüseynqulu xana göndərdi. Hüseynqulu xan Sisianovun təklif etdiyi şərtləri qəbul etdiyini, Bakı qalası darva­zalarının açarlarını Sisianova vermək istədiyini bildirdi. Deyilənlərə görə, rus generalı Bakıya doğru hərəkər edərkən şəhəri külə çevirəcəyi və əhalisini ucdan tutma məhv edəcəyi ilə hədələmişdi, çünki Bakı şəhəri bir neçə dəfə Rusiyanın himayəsini qəbul etmiş və sonra da bundan imtina etmişdi.

Lakin P.Sisianovdan Azərbaycanın işğalı zamanı təkdüyü qanların intiqamı alındı. 1806-cı il fevralın 8-də Bakı qalası darvazası qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisianovu öldürdü və başını kəsərək Təbrizə Abbas Mirzəyə apardı. Bu xidməti müqabilində şah İbrahim bəyə xan titulu verdi və onu İran qoşun dəstəsinin komandiri təyin etdi. Bu hadisədən sonra rus qoşunu Bakıdan geri çəkildi.

Sisianovun öldürülməsindən sonra rus qoşunlarının Cənubi Qafqaz yürüşündə kiçik fasilə yarandı. Rus komandanlığında və Cənubi Qafqazda yeridilən taktikada bir sıra dəyişikliklər edildi. Yerli hakim sülalənin nümayəndələrinə qarşı münasibət yumşaldıldı və onların xidmətindən istifadə olunması üçün imkanlar genişləndirildi. Nəticədə Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi daha sistemli xarakter aldı.

1806-cı il iyunun 22-də Dərbənd tutuldu, şəhərin idarəsi Rusiyaya rəğbəti olan Əlipənah bəyə tapşırıldı. Bakının tutulmasına xüsusi hazırlaşan general Bulqakovun komandanlığı ilə rus qoşunu 1806-cı il sentyabrın 5-də Bakıya tərəf hərəkət etdi və əhalinin təslim olmasını tələb etdi. Bulqakov yerli əhaliyə toxunmayacağını bildirmək üçün öz oğlunu Bakıya göndərdi. Lakin Sisianovun öldürülməsi ilə əlaqədar rus qoşunlarının intiqamından qorxan əhali şəhəri tərk etdi. Hüseynqulu xan əvvəlcə Qubaya, oradan da İrana getdi. Beləliklə, 1806-cı il oktyabrın 3-də Bakı işğal olundu, Bakı xanlığı ləğv edildi, Quba xanlığı da döyüşsüz təslim oldu.

Azərbaycanın şimal xanlıqlarında baş vermiş üsyanları yatırtdıqdan sonra rus qoşununun baş komandanı general Qudoviç bir sıra dəyişikliklər etdi. Dərbənd və Quba xanlıqları müvəqqəti olaraq Tərki şamxalına verildi. İbrahimxəlil xanın oğlu Mehdiqulu xan Qarabağa xan təyin olundu. Cəfərqulu xan Şəki xanlığının hakimi təyin edildi. Xoydan Şəkiyə xeyli əhali köçürüldü. Problemin Azərbaycan üçün əhəmiyyəti onda idi ki, müharibənin gedişində öz yurd yuvalarından didərgin düşmüş adamlar geriyə qaytarılır bununla da Cənubi Qafqazda demoqrafik vəziyyətin qeyri-azərbaycanlı xalqların xeyrinə dəyişməsinə imkan verilmirdi.

Azərbaycanın Rusiya tərəfindən işğalının üçüncü mərhələsinin başlıca epizodları rus-türk və rus-İran müharibələri ilə bağlı idi. Arxasında Fransanln durduğu Türkiyə 1806-cı ilin sonlarında Rusiyaya qarşı müharibəyə başladı. Hərbi əməliyyatlar Balkan yarımadasında və Qafqazda gedirdi. Türkiyə qoşunlarının ayrı-ayrı uğurlarına baxmayaraq, Arpaçay sahilindəki döyüşlərdə rus qoşunu türkləri ağır məğlubiyyətə uğratdı. Müharibə cəbhələrində yaranmış fasilə diplomatik danışıqların yenidən ön plana keçməsini şərtləndirdi. Xüsusilə Tilzit sülhünün imzalanması ərəfəsində və ondan sonra Fransız diplomatiyası Rusiyanın başını Şərqdə qatmaq üçün iri miqyaslı hərbi əməliyyatların hazırlanmasını və həyata keçidilməsini planlaşdırırdı.

I Napoleon Fransa, İran və Türkiyənin iştirakı ilə Rusiyaya qarşı geniş tərkibli ittifaqın yaradılması haqqında 1807-ci ilin yanvarında Fətəli şaha məktub yazmış, mayın 9-da Finkenşteyndə bağlanmış Fransa-İran müqaviləsinə görə, Fransa İrana hərbi kömək göstərmək öhdəliyi götürmüşdü. 1807-ci ilin iyununda Rusiya ilə Tilzit müqaviləsinin imzalanması İranda Fransanın mövqelərini zəiflətdi. İngilis diplomatiyasının səyi nəticəsində İngiltərə İranla yaxınlaşmağa başladı. Çox keçmədən bu yaxınlaşma hərbi-siyasi paktla öz təsdiqini tapdı.

Hərbi əməliyyatların gedişində İrəvan xanlığının tutulması ruslar üçün əvvəlki kimi başlıca vəzifə olaraq qalırdı. 1808-ci ilin payızında İrəvan şəhəri mühasirəyə alındı. 1808-ci il oktyabrın sonunda Naxçıvan tutuldu. Lakin ruslar İrəvandakı uğursuzluqdan sonra Naxçıvanı da tərk etməli oldular. Müvəf­fəqiyyətsiz 1808-ci il kompaniyasından sonra Qudoviç istefaya göndərildi və general Tormosov Cənubi Qafqazda rus ordusunun baş komandan təyin edildi. Qatı mütləqiyyətçi olan Tormosov amansız hərəkətləri ilə məşhur idi və Azərbaycan torpaqlarının işğalı prosesində heç nədən çəkinmirdi. Təsadüfi deyildi ki, I rus-İran müharibəsinin gedişində daha ciddi nailiyyətlər məhz onun komandanlığı dövründə baş vermiş və rus qoşunları Azərbaycanın cənub sərhədlərinə yaxınlaşmışdılar.

Ciddi hərbi hazırlıq işlərindən sonra 1809-cu il avqustun ortalarında Abbas Mirzə Arazı keçərək Gəncə yaxınlığındakı Ağbulağa yaxınlaşdı və rus qoşunları üzərində bir neçə əhəmiyyətsiz qələbə qazandı. Yaranmış şəraitdə Əsgəranda yenidən sülh danışıqları başlandı. Lakin tərəflərin Talış xanlığının kimə çatacağı barədəki mübahisəsi bir nəticə vermədi. Rusiya nəyin bahasına olursa olsun Talış xanlığını istila etməyi planlaşdırırdı. Buna Talış xanı Mir Mustafa xanın Rusiyaya meyl göstərməsi də imkan verirdi. Halbuki İran bir neçə dəfə Talış xanlığı üzərinə müvəfəqiyyətsiz yürüş etsə də burada möhkəmlənə bilməmişdi.

Ingiltərə və Fransanın təhriki ilə Türkiyə və İranın Rusiyaya qarşı hərbi əməliy­yatları bərpa etməsi təhlükəsi tezliklə reallaşdı. Belə ki, hərbi qüvvələri birləşdirmək və hərbi əməliyyatları əlaqələndirmək məqsədilə 1810-cu ilin avqustunda İran və Türkiyə arasında hərbi ittifaq bağlandı. Lakin bu ittifaqın da İrana real köməyi olmadı, çünki 1810-1811-ci illərdə Rusiya Balkan və Qafqaz hərbi əməliyyat meydanlarında bir sıra yeni qələbələr əldə etdi. Rus sərkərdəsi M.İ.Kutuzovun zərbələri altında türk qoşunları pərakəndə şəklində geri çəkilməyə başladı, Türkiyənin içərilərinə doğru yllar açıldı. Qara dəniz sahillərində və Balkanlarda bir sıra mövqelər Rusiyanın əlinə keçdi. Yaranmış şəraitdə Türkiyə 1812-ci il mayın 16-da Buxarestdə Rusiya ilə sülh müqaviləsi imzaladı ki, buna əsasən Türkiyə Cənubi Qafqazın böyük bir hissəsini Rusiya tərəfindən işğal edilməsi faktını təsdiq etməli oldu.

I Napoleonun 1812-ci ilin yayında Rusiyaya hücumu nəticəsində Rusiyanın beynəlxalq vəziyyəti olduqca pisləşdi. Fransız orduları parçalanmış vəziyyətdə olan rus qoşunlarına ağır zərbələr endirərək sürətlə Moskva istiqamətində irəliləməyə başladı. Tezliklə Rusiyanın paytaxtı Moskva şəhəri Napoleon qoşunları tərəfindən tutularaq yandırıldı. Rusiyanın bütün qüvvələrinin Napoleona qarşı döyüşə cəlb olunmasından istifadə edən İran ordusu Cənubi Qafqazda fəal əməliyyatlara başladı.

1812-ci ilin iyununda Abbas Mirzənin 20 minlik İran qoşunu Xudafərin körpüsündən keçib Qarabağa girdi və Şahbulağı tutdu. Lakin P. Kotlyarevskinin qoşun dəstəsi tezliklə İran ordusunu geri çəkilməyə məcbur etdi. İran ordusunun 10 min nəfərlik dəstəsi fransız polkovniki Druvilin komandanlığı altında 1812-ci ilin avqustunda Talış xanlığına basqın edərək, Lənkəran qalasını tutmuş, Şəki xanlığına hücum etmişdi. Lakin general P.Kotlyarevski 2 min nəfərlik ordu ilə Aslanduz döyüşündə Abbas Mirzənin böyük ordusuna hücum edərək onu darmadağın etdi. Rus qoşunları hərbi əməliyyatlarda ermənilərdən və yerli azərbaycanlılardan toplanmış qüvvələrdən də istifadə edidilər. Aslandüz döyüşünün ardınca 1813-cü ilin yanvarında Lənkəran qalası da mühasirəyə alındı və ruslar tərəfindən hücumla tutuldu.

Rus qoşunlarının qələbəsi Fətəli şahı Abbas Mirzəni ordu komandanlığından kənar etməyə məcbur etdi. İngilis məsləhətçiləri rus qüvvələrinin İranın içərilərinə doğru irəliləməsini gördükdə şahı sülh bağlamağa təhrik etdilər ki, bununla da birinci Rusiya-İran müharibəsi İranın tam məğlubiyyəti ilə başa çatdı.

1813-ci il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Müqaviləni İran tərəfindən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi və Rusiya tərəfindən Qafqaz ordusunun yeni baş komandanı Rtişşev imzaladılar. Sülhün şərtlərinə görə: Talış Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatılırdı. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına və Dağıstana olan iddialarından əl çəkirdi. Başı Avropadakı hərbi əməliyatlara qarışan Rusiya Ordubad mahalının, Irəvan və Naxçıvan xanlıqlarının şahın hakimiyyəti altında qalmasına razılıq verirdi. Habelə, Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlamaq hüququna malik olurdu. Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradıldı. Rusiya tacirləri daxili gömrük vergisindən azad edilirdilər.

Gülüstan sülh müqaviləsi ilə Azərbaycanın Rusiya və İran tərəfindən iki hissəyə bölünməsinin başlanğıcı qoyuldu. Bununla da birinci Rusiya-İran müharibəsinin başa çatması və Gülüstan sülh müqaviləsinin bağlanması ilə Azərbaycan torpaq­larının Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatdı.

Müxtəlif xarakterli qaynaqların öyrənilməsi göstərirdi ki, İran Rusiya tərəfindən Cənubi Qafqazın işğalı ilə heç cür razılaşmaq istəmir və yeni müharibəyə hazırlaşırdı. Bu işdə İngiltərə bütün vasitələrlə İrana yardım edirdi. 1814-cü ildə İranla İngiltərə arasında Rusiyaya qarşı müqavilə bağlandı. Müqaviləyə əsasən, İngiltərə İran qoşunlarını nizama salmaq üçün ingilis zabitləri göndərməli, bu qoşunları silahla təchiz etməli, başqa şəhərlərdə silah zavodları tikdirməli və Avropa nümunəsində ordu formalaşdırmalı idi.

İranda genişlənməkdə olan ordu quruculuğunun nəticəsində yeniliklər İran şahını Gülüstan sülh müqaviləsinin şərtlərinə yenidən baxmağı Rusiyaya təklif etməyə imkan verdi. Lakin danışıqlar nəticəsiz qaldı. İran Türkiyəni də Rusiyaya qarşı sövq etmək və birgə mübarizə aparmaq üçün Türkiyə ilə danışıqlara girdi, Türkiyənin Rusiya ilə münasibətlərini kəskin­ləşdirmək üçün bütün vasitələrə əl atdı. Hakimiyyətlərini itirdikdən sonra İrana qaçmış xanlardan da istifadə olundu, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı qaldırmaq planı da hazırlandı.

1826-cı ilin əvvəllərində İran Peterburqda dekabristlərin üsyanından xəbər tutdu. Bu üsyanın Rusiyada daxili çəkişmələrə gətirib çıxaracağını, Rusiya dövlətinin zəifləməsinə səbəb olacağını zənn edən İran müharibəyə hazırlığı sürətləndirdi. 1826-cı il iyulun 16-da 60 minlik İran ordusu Azərbaycanın Şimal torpaqlarına daxil oldu. İkinci Rusiya-İran müharibəsi başlandı. Şuşa qalasına bir-birinin ardınca edilən həmlələrə, şəhərin top atəşinə tutulmasına baxmayaraq, Şuşanı tutmaq mümkün olmadı. Qalanın müdafiəsinə rus qarnizonu ilə birlikdə, şəhər əhalisinin bir hissəsi də qoşulmuşdu. İran qoşunları Şuşa qalasını 48 gün mühasirədə saxladılar, lakin onu ala bilmədilər. İran qoşunları Lənkəranı, Salyanı aldılar, onlarla birlikdə Azərbaycana gəlmiş keçmiş xanlar Gəncə, Şamaxı, Şəki və s. kimi şəhərləri ələ keçirib öz xanlıqlarını bərpa etdilər. Rus qoşun dəstələri hər yerdə geri çəkilməyə məcbur oldular.

Iran qoşunlarının Şuşa qalasının mühasirəsində ləngidilməsində istifadə edən rus komandanlığı pərakəndə vəziyyətdə olan qüvvələri birləşdirərək, strateji təşəbbüsü ələ aldı və əks-hücuma keçdi. Baxmayaraq ki, İran qoşunu Şimali Azərbaycana daxil olan kimi çarizm əleyhinə üsyanlar dalğası hər yerdə genişlənmiş, lakin XIX əsrin başlanğıcından etibarən işğal olunmuş Azərbaycan torpaqlarında çarizmin həyata keçirdiyi müstəmləkə siyasəti nəticəsində ictimai və milli zülm həddini aşmışdı. Nəticədə ölkədə çar hökumətinə qarşı nifrət artırdı. Hərəkatın əhalinin müxtəlif təbəqələrini əhatə etməsinə baxmayaraq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə əsas məqsədə çevrilmişdi. Bu üsyanların içərisində Rusiya üçün ən təhlükəlisi Gəncə üsyanı idi. Üsyan nəticəsində şəhərdəki rus qarnizonu darmadağın edildi. Uğurlu xan Gəncəyə daxil olaraq öz hakimiyyətini bərpa etməyə müvəffəq oldu.

Talış xanlığında da azadlıq mübarizəsi genişlənməkdə idi. Xanlıqda yerləşən Xəzər dəniz batalyonunun komandanı mayor İlyinskinin özbaşınalığı nəticəsində Mir Həsən xan İrana qaçmaq məcburiyyətində qalmışdı. Onun qayıtması ilə Lənkəranda da üsyan başlandı.

Bakı xanlığında həyəcanlara baxmayaraq, möhkəm qala divarları rus qoşununa keçmiş Bakı xanı Hüseynqulu xanın hücumlarını dəf etməyə imkan vermişdi. Yaranmış şəraitdə Hüseynqulu xan müharibədən əl çəkərək İrana qayıtmalı olmuşdu.

Şirvanda, Qubada, Şəkidə və digər yerlərdə baş vermiş üsyanların nəticəsində rus qarnizonları tərksilah edilir və dağıdılır, xanlıq idarə üsulu bərpa edilirdi. Vəziyyətin bu dərəcədə gərginləşməsi ilk növbədə Rusiyanın müstəmləkə siyasətinin yaratdığı nifrətlə bağlı idi.

Rus-İran müharibəsi başlanandan az sonra Rusiyadan Cənubi Qafqaza yeni hərbi qüvvələr yerdildi. I Nikolay A.P.Yermolovu İ.F.Paskeviçlə əvəz etdi və rus qoşunu əks hücuma keçdi. 1826-cı il sentyabrın 3-də Şamxor yaxınlığındakı döyüşdə İran qoşunları ağır məğlubiyyətə uğradı. Rus qoşunlarının hücumu Abbas Mirzəni Şuşa qalasının mühasirəsindən əl çəkməyə və Şamxor tərəfə hərəkətə məcbur etdi. Lakin rus qoşunları Gəncə yaxınlığında İran qoşununu darmadağın etdi. Rus hərbi cəza dəstələri üsyanları qəddarlıqla yatıraraq üsyançılara divan tuturdular.

Hərbi əməliyyatların gedişində Azərbaycan feodallarından və onların nökərlərindən təşkil edilmiş süvari dəstələri də iştirak edirdi. «Qarabağnamə» müəllifi Mirzə Adıgözəl bəy yazırdı: «Qızılbaşlar basıldılar, məğlubiyyətin qabağını almaq mümkün olmayıb, qaçdılar. Bir gün bir gecə Arazdan keçdilər. Rus qoşunları Gəncəni yenidən ələ keçirdilər. İran qoşunlarının köməyi ilə öz torpaqlarını geri qaytarmış keçmiş xanların da müqəddəratı faktiki olaraq həll edilmişdi.»

Rusiyanın uğurlarına baxmayaraq, Lənkəran xanlığı İran qoşununun əlində qalırdı. Az sonra Rus qoşunları İrəvan və Naxçıvan xanlıqlarına hücum edərək burada da öz hakimiyyətlərini bərpa etmişdilər. Rus qoşunları 1827-ci ilin sonlarında Azərbaycanın cənub torpaqlarına yürüşə başladılar. Onların köməyi ilə hakimiyyəti ələ keçirmək istəyən feodallar, həmçinin İran şah hakimiyyətinin zülmündən cana gəlmiş əhalinin bir qismi, xüsusilə xristianlar onların Xoy və Təbrizə yürüşünə kömək edirdilər.

Rus qoşun dəstələrindən birinin başçısı yazırdı ki, «əhali hər yerdə öz yerində qalıb qoşunlarımızı düşmənlər kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, onları qarşılamağa çıxırdı». Camaat Qacarların zülmündən o qədər cana doymuşdu ki, sonralar nələr ola biləcəyini, bir zülmkarın digər müstəmləkəçi ilə əvəz olunacağını nəzərə almadan şəhərlərin darvazalarını rus qoşunlarının üzünə açırdılar. Rus qoşunları Təbrizə yaxınlaşanda Təbriz ruhanilərinin başçısı Mir Fəttahın çıxışı ilə əhali onları qarşılamağa çıxmışdı.

1827-ci il aprelin 27-də Xudafərin körpüsünü ələ keçirən rus qoşununun əsas qüvvələri İrəvana doğru irəlilədi və qala mühasirəyə alındı. Rus qoşunu böyük strateji əhəmiyyəti olan Abbasabad qalasına hücum etdi. Abbas Mirzə 16 minlik qoşunla qalaya köməyə gəlsə də Cavadbulaq döyüşündə məğlub olandan sonra təslim oldu.

Alagöz dağının ətəklərində baş vermiş döyüşlərdə də rus qoşunları qalib gəldilər, Sərdərabad qalası təslim oldu, İrəvan qalası yenidən mühasirəyə alındı və şəhərdə yaşayan ermənilərin xəyanatkarlığı nəticəsində tutuldu.

Irəvan qalasının tutulması ilə Rusiyanın cənub yürüşü üçün əlverişli şərait yarandı və ilk növbədə Qaradağın mərkəzi Əhər ələ keçirildi. Bununla da Təbrizə yol açıldı və rus qoşunları oktyabrın 13-də Təbrizə daxil oldular, az sonra Urmiya və Ərdəbili tutdular ki, nəticədə Tehrana gedən yol açıldı. Yaranmış şəraitdə İran şahı danışıqlara başlamaq məcburiyyətində qaldı. Aparılmış danışıqların nəticəsində Təbriz şəhərindən 18 km cənubda - Türkmənçay kəndində 1828-ci il fevralın 10-da İranla Rusiya arasında sülh müqaviləsi imzalandı.

Türkmənçayda gedən danışıqlarda A.S.Qriboyedov və A.A.Bakıxanov da iştirak edirdilər. Müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatılır, hələ Gülüstan müqaviləsi ilə rus tacirlərinə verilmiş imtiyazların, həmçinin Xəzər dənizində yalnız Rusiya hərbi donanmasının saxlanması hüququ da təsdiq edilirdi. Müharibədə məğlub olmuş İran Rusiyaya 20 milyon gümüş manat məbləğində təzminat verməli, İran hökuməti təzminatı ödəyib qurtarana qədər zəbt edilmiş Cənubi Azərbaycan vilayətləri Rusiyanın himayəsində qalmalı idi.

Rusiya-İran müharibəsinin sonlarına doğru Rusiya-Türkiyə münasibətləri yenidən kəskinləşdi ki, bu da iki dövlət arasında 1828-ci ilin aprelində müharibəyə gətirib çıxardı. Qafqaz cəbhəsində rus qoşunlarının tərkibində dörd Azərbaycan süvari alayı da iştirak edirdi. Bu alaylar çar Rusiyasına xidmət müqabilində torpaq sahələri, vəzifələr almağa can atan bəylərdən, onların nökərlərindən və maaflardan ibarət idi. Çar hökuməti onları müharibənin gedişində qənimət ələ keçirib varlanmaqla şirnikləndirmiş, bir sıra şəhərlərin ələ keçirilməsində bu alayların mühüm rolu olmuşdu.

Hadisələrin müasirlərindən biri müsəlman alayların döyüşlərini vəsf edirdi: «Bu alaylar barəsində mühakimə yürütmək üçün onları döyüşdə görmək lazımdır; bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş Allahın birdən-birə düşmənlər içərisinə ölüm və dəhşət saçan atəşinə bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xarüqələrini hələ də heyrətlə yad edirəm».

Müharibənin nəticələri Türkiyə hökumətini rus qoşunlarının hücumlarından ehtiyat edərək sülh müqaviləsi haqqında danışıqlara bağlamağa vadar etdi. 1829-cu ildə imzalanmış Ədirnədə sülh müqaviləsinə əsasən Türkiyə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsini etiraf etməyə məcbur etdi və Cənubi Qafqaza olan iddialarından imtina etdi.

Azərbaycan politoloji elmində ölkəmizin çar Rusiyası tərəfindən işğal edilməsinə münasibət birmənalı olmamışdır, onun mənfi nəticələri ilə yanaşı əhəmiyyətli cəhətlərinin olmasına da diqqət verilmişdir. İlk növbədə də qeyd etmək lazımdır ki, Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirdi.

Şimali Azərbaycanın işğalı nəticəsində Azərbaycan xalqının zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş verdi, vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. İşğal nəticəsində Azərbaycan çar Rusiyasının xammal bazasına və satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Çar hökuməti Rusiyada tətbiq edilən feodal təhkimçilik qaydalarını Azərbaycanda da tətbiq etməyə başladı.

Ölkəmizin çar Rusiyası tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan faciəsinin başlanğıcı qoyuldu, dövlətçiliyimiz itirildi, ölkə iki hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf yolu götürdü, Azərbaycanın torpaqları hərraca qoyuldu, ermənilərin, rusların, almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz talan edilidi, tariximiz sistemli şəkildə saxtlaşadırılmağa başlandı. Bununla belə, on illər boyu davam edən ara müharibələrinə son qoyuldu, xanlıqları dövrünün sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit iqtisadi inkişafı şərtləndirdi, kapitalist istehsalının əsasları qoyuldu, xüsusilə neft Bakısının sürətli inkişafı başlandı. Lakin işğal faktorunun mənfi nəticələri, Azərbaycanın iki hissəyə parçalanması (bu siyahını kifayət qədər uzatmaq mümkündür) onun müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki, bugünkü müstəqil Azərbaycan Respublikası məhz Rusiyanın tərkibində olan Şimali Azərbaycanın varisidir.





Download 2,33 Mb.
leave a comment
Page16/18
Date conversion16.10.2011
Size2,33 Mb.
TypeДокументы, Educational materials
Add document to your blog or website

страницы: 1   ...   10   11   12   13   14   15   16   17   18
отлично
  1
Your rate:
Place this button on your site:
docs.exdat.com

The database is protected by copyright ©exdat 2000-2014
При копировании материала укажите ссылку
send message
Documents

upload
Documents

Рейтинг@Mail.ru
наверх